Yeqin, onları izləməyimi istəmirdilər. Çoban itləri isə ətrafımda qaçışır, sürüyə nəzarət etməklə
yanaşı mənimlə oynamağa da vaxt tapırdılar. Burada özümü daha rahat hiss edirdim.
Nə onlar mənə nəsə deyirdilər, nə də mən onlara. Bir-birimizi elə də başa düşə
bilmirdik. Amma az da olsa, hiss edə bilirdik.
Sürünün içində gəzdiyim zaman atam çoxdan yerindən qalxmış, boxçanın
içindəkiləri çıxararaq süfrənin üzərinə düzmüşdü. “Bəşir, gəl”, – deyə səsləndiyi
zaman tez yanına qaçaraq süfrənin bir küncündə, yerdə bardaş qurdum.
– Al, – deyə xiyarı iki yerə bölərək yarısını mənə uzatdı. Gülümsəyərək xiyarı
alıb ağzıma atdım. – Yavaş ye. Tələsmə. Boğazında qalar. – Atamdan indiyə kimi
belə sözlər eşitməmişdim. Qəribə olsa da, xoşuma gəlmişdi. – Hava da yaman istidi.
Birazdan sürünü qaldıraq yuxarı. Orda ağaclıq daha çoxdur. Elə ordan da aşağı
düşərik. Hə?
– Ha... haa... – Başımla sözünü təsdiqlədim.
– Dünən, günortadan sonra sürüyə baxmaq üçün Davudun yanına çıxanda
Gülpərini gördüm. Səni soruşdu. Dedim, gəlmiyib. Sabah gələcək. Sənə də salam
dedi. – Sözünü bitirib bir qədər düşündü. Sonra yenidən sözə başladı. – Axşam da
Səməndəri gördüm. Bir xeyli səndən danışdıq. Səndən yaman xoşu gəlib. Elə hey
səni tərifləyirdi.
Atamın Səməndərlə nə danışdığı mənə də maraqlı idi. Axı məndən nə danışa
bilərlər? Elə bunu düşünürdüm ki, uzaqdan bir qaraltının bizə yaxınlaşdığını
gördüm. Qaraltı yaxınlaşdıqca gələnin Səməndər olduğunu yəqinləşdirdim. Onun bu
saatda burada nə işi var idi? Səməndər bizə çatıb əlini atama uzatdı.
– Salam, Həsən əmi. Necəsən?
– Sağ ol, bala. Şükür. Yaxşıyam. Sən necəsən?
– Yaxşıyam, əmi.
Atamla salamlaşdıqdan sonra əliylə başımı sığallayıb “Necəsən, kişi bala”, –
deyə mənimlə də görüşdü.
– Otur, bir tikə çörək ye.
– Sağ ol, Həsən əmi. Yemək yemişəm. Sizə nuş olsun.
– Çox sağ ol, bala. – Atam təşəkkürünü bildirdi. – Hə de görək, bu saatda
burda neynirsən. Hava yaman istidi. Başına gün vurub eliyər.
– Düz deyirsən, Həsən əmi. Bir isti var ki, düşmən ondan yaxşıdır. – Əli ilə
günəşə işarə elədi. – Ancaq vacib işim olduğundan bura gələsi oldum.
– Nə işidir o elə?
– Yadındadırsa, dünən sənlə danışmışdım. Sən də demişdin ki, fikirləşərəm.
Ona görə gəlmişəm, Həsən əmi.
– Yaman səbrsiz adammışsan ki, – deyə atam gülməyə başladı. – Bala, dünən
də sənə dedim ki, bu iş elə də rahat iş deyil. Hələ o dəfə olanlardan sonra lap çətindir.
– Başa düşürəm, Həsən əmi. – Səməndər təəssüflə başını buladı. – Bəs ikinci
istəyim vardı səndən. Ona nə deyirsən? İcazə verirsən Bəşir mənə kömək eləsin?
Onların nə haqqında danışdıqlarını bilmirdim. Eləcə onları dinləyirdim.
– Bax ona heç nə deyə bilmərəm. O, Bəşir, bu da sən. Əgər razıdırsa, hara
istəyirsən apar. – Məni göstərdi.