– Sabahın xeyir. – Çayı qabağıma qoydu. – Sürünü bugün Davud aparıb. Atan
isə aşağı kəndə getdi gün çıxmamış. Atın nallarını dəyişəcək. Ona görə səni
çağırmadı. Rahatca yeməyini ye. Birazdan da bacıngil gələcək. Uşaqları da
gətirəcəklər.
Anamın bu sözləri məni sevindirmişdi. Atam sürünü aparsaydı, deməli məni
də aparacaqdı. Çaydan bir qurtum da alaraq cəld ayağa qalxıb həyət qapısına doğru
qaçdım. Kəndə tələsirdim. Anam arxamca səslənsə də qapıdan çıxaraq aşağı doğru
götürüldüm. Çaya gedirdim. Bacılarım uzun müddətdən sonra bizə gəlirdilər.
Mənim dörd bacım var idi. Ən kiçik bacım belə məndən neçə il böyük idi. Dördü də
evlənmiş, öz ailələrini qurmuşdular. Ən kiçik bacım uşağının iki yaşı var idi. Ən
böyüyü isə məndən bir yaş balaca idi. Adı Murad. Onunla elə də yaxşı yola gedə
bilmirdik. Ancaq yaxşı uşaq idi.
Çaya tələsirdim. Sizə bayaq da demişdim. Ən kiçik bacım uşağının iki yaşı
var deyə. Adı Mələk. Ağappaq üzü vardı. Mənim kimi o da gülməyi sevirdi. Ancaq
arada ağlıyırdı da. Onu ilk dəfə gördüyümdə əlimdə kiçik çay daşı vardı. Ona
uzatdığımda alıb əlində oynatmış, gülümsəyərək xoşuna gəldiyini bildirmişdi. İndi
də ona daş almaq üçün çaya tərəf qaçırdım. Bu səfər daşların ən gözəllərini
seçəcəydim. Həyəcanlı idim. Çaya çatıb şalvarımın ətəyini qatlayaraq suya atladım.
Suyun altından kiçik daşları çıxarır, ən gözəllərini seçərək cibimə yığırdım. Bir
müddət suyun içində qaldıqdan sonra çıxıb otun üstündə oturdum. Artıq ciblərim
tamamilə dolmuşdu. Yorulmuşdum. Daşlar ciblərimə ağırlıq verdiyindən ayağa
qalxa bilmirdim. Bütün gücümü toplayıb evin yolunu tutdum. Hava yamanca
isinmişdi. Gün başımı deşirdi. Kəndin mərkəzinə çatanda Mehdi kişinin dükanının
bağlı olduğunu gördüm. Çaya gedərkən tələsdiyimdən buna heç fikir verməmişdim.
Dar dalanla gedərək yuxarı, evə doğru qalxırdım ki, yaxınlarda it zingiltisi eşitdim.
Ətrafa boylananda iki uşağın küçüyü çubuqla vurduğunu gördüm. Balaca it balası
zingildəyərək onlardan qaçmağa çalışsa da bacarmır, boynunu qısaraq daşların
arxasında gizlənməyə çalışırdı. Uşaqlar isə gülüşür, hərəsi birtərəfdən yazığı
dövrəyə almışdılar. Onlar bəlkə də oyun oynayırdılar. Amma bunu küçüyü incidərək
edirdilər. Cəld qaçaraq balaca it balasının yardımına qaçdım. Uşaqlardan birini
kənara itəliyərək it balasını daşın arxasından çıxararaq qucağıma aldım. İtələdiyim
uşaq yerə yıxılaraq ağlamağa başlamışdı. Bunu görən ikinci uşaq da ağlayır,
qışqıraraq anasını çağırırdı. Mənsə çaşqınlıqla onlara baxır, onları susdurmağa
çalışırdım. Onları ağlatmaq deyildi fikrim. Lakin əlimdən də bir şey gəlmədiyindən
onları izləyirdim. Elə bu vaxt yan qapıdan Allahverdi əmi çıxdı. Uşaqların
ağlamasını görüb yanımıza gəldi.
– Nə olub burda? Niyə ağlayırsan, a bala? – deyə uşağı ayağa qaldırdı.
– O vurdu. – Uşaq məni göstərərək onu qucaqlayıb ağlamağa başladı.
İti qabağa tutaraq onu vurduqlarını demək istəsəm də, deyəsən başa
düşməmişdi ki, əsəblə üstümə atılaraq üzümə bir şillə ilişdirdi. Şillənin təsirindən
yerə yıxılıb qaldım. İt balasını isə əlimdən buraxmır, ona da nəsə edəcəyindən
qorxurdum.
– Əə küçük, uşaqlarla nə işin var? – deyə ikinci dəfə şilləni üzümə ilişdirdi.
Üzümdə qəribə istilik hiss etsəm də, ağlamır, onun üzünə baxırdım. – Hələ buna
bax! Utanıb başını aşağı salmaqdansa, üzümə baxır.